Uşaqlarda Qurd Xəstəlikləri
Yanvar 19, 2022

Uşaqlarda Qurd Xəstəlikləri

Uşaqlarda qurd xəstəlikləri çox tez-tez qarşılaşdığımız bir haldır. Əksər hallarda yaşı 3-12 olan uşaqlarlarda qurd xəstəlikləri hallarına tez-tez rast gəlinir. Uşaq orqanizmində eyni zamanda bir neçə növ helmint parazitlik edə bilər. Helmintlər uşağın immunitetinin azalmasına, allergiyalara, mədə-bağırsaq və sinir sisteminin pozulmasına səbəb olur. Və nəticədə də uşağın fiziki və əqli inkişafı ləngiyir.

QURD XƏSTƏLİKLƏRİNİN YARANMA SƏBƏBLƏRİ

Uşaqların qurdlara yoluxmasına səbəb olan amillər:

  • Yoluxmuş səthlə təmasda olmaq
  • Yoluxmuş qida və ya su istehlakı
  • Gigiyenaya riayət olunmaması
  • Çiy və ya az bişmiş qidaların istehlakı
  • Əllərin düzgün yuyulmaması
  • Yoluxmuş şəxslə ünsiyyətdə olmaq

QURD XƏSTƏLİKLƏRİNİN NÖVLƏRİ

Lyamblioz – Lyambliyalar uşaq orqanizmində aylarla, hətta illərlə yaşayaraq onlara zərər verməyə davam edirlər.  Lyamblioz zamanı bədəndə müxtəlif nahiyələrdə (əsasəndə diz və dirsək büküş nahiyələrində) səpgilər müşahidə olunur. Mədə bulantısı və iştahsızlıq müşahidə edilə bilər.

Bizquyruq – Bizquyruqla yoluxmaya enterobioz deyilir. Onların bağırsaqlarda yaşama dövrü 28- 56 gün təşkil edir. Bizquyruqlar bağırsağın (xüsusən anus ətrafında), cinsi orqanların, sidik kanalı iltihabına səbəb ola bilərlər. Bizquyruqlar anal dəliyin büküşlərinə özlərinin on minlərlə yumurtasını qoyur və bu zaman həmin nahiyəyə xüsusi qıcıqlandırıcı maddə ifraz edirlər. Axşamlar uşaqlar anal dəlik ətrafinı qaşıyarkən bizquyruq yumurtaları onların dırnaqlarının altına daxil olurlar. Uşaqların yuyulmamış əllərini ağızlarına salması, əllə yemək yemələri nəticəsində təkrar yoluxma baş verir.

Askarida – uşaqlarda təsadüf edilən 2-ci daha çox yayılmış qurddur (helmint). Soxulcanabənzər şəkildə olan askaridaların uzunluğu 20-40 sm-ə çatır. Askaridalar tərəfindən bağırsağa ifraz olunan toksinlər uşaqlarda qan azlığına, iştahanın azalmasına, qarında ağrılara, mədə bulantısına, gecələr ağızdan su axmasına, ümumi zəifliyə, əzginliyə, baş ağrısına  səbəb olur.

Tükbaş qurd – trixosefalez xəstəliyini törədir. Bu qurdun uzunluğu 3-5 sm-ə çatır. Əksər hallarda bu qurd kor bağırsaqda və appendiksdə yaşayır. O, bağırsaq divarını deşərək qan ilə qidalanır, bağırsağın iltihabına səbəb olur. Bu qurdlar 5-6 il ömür sürürlər. Tükbaş qurda yoluxma zamanı uşaqların əsas şikayəti qarının sağ tərəfində tutmaşəkilli ağrılar, mədə bulantısı və qusma olur. Onlarda ishal və ya qəbizlik, axşam yatarkən ağızdan su axması, narahat yuxu, qanazlığı və qandakı müxtəlif dəyişikliklər də müşahidə edilir.

Lentşəkilli cırtdan qurd – Bu qurdun uzunluğu 1,5-3 sm olur.  Lentşəkilli cırtdan qurd əsasən nazik bağırsağı zədələyərək onun iltihablaşmasına və hətta xoraların əmələ gəlməsinə səbəb olur. Lentşəkilli cırtdan qurdun ömrü bir aydan artıq deyil. Ancaq təkrar özünü yoluxdurmalar baş verdiyi üçün xəstəlik illərlə davam edə bilər.

Lentşəkilli balqabaq qurdu – Bu qurdun uzunluğu 20-70 sm-dək çata bilər. O, itlərin adi parazitidir. Xəstəliyə yoluxmuş uşaqlarda qarın nahiyəsində ağrılar, mədə bulantısı, qusma, baş ağrısı, ümumi zəiflik müşahidə edilir. Xəstəliyin diaqnozu nəcisdə qurd yumurtalarının aşkar edilməsi nəticəsində qoyulur. Aparılan müalicə xəstəliyin tam şəkildə sağalması ilə nəticələnir.

Lentşəkilli pişik qurdu – Bu helmint qaraciyərdə, öd kisəsində, mədəaltı vəzidə parazitlik edərək, insan orqanizmində 20-40 il müddətində yaşaya bilir. Yoluxma yaxşı bişirilməmiş və ya qızardılmamış balıqla qidalanma nəticəsində baş verir.Lentşəkilli pişik qurdu həzm üzvlərinin funksiyasını pozur, qaraciyəri zədələyir. Xəstədə qarının sağ üst nahiyəsində qabırğaaltında ağrılar olur, mədə bulantısı, qusma, başgicəllənmə, zəiflik, iştahanın azalması, qaraciyərin böyüməsi baş verir. Yoluxmuş uşaq öz yaşıdlarından fiziki inkişafına görə geri qalmağa başlayır.

Enli lentşəkilli qurd – Bu qurda yoluxma əsasən yaxşı bişirilməmiş və ya qızardılmamış balıqla qidalanma nəticəsində baş verir. Bu qurdun uzunluğu 8-10 m-ə çata bilər. İnsan bədənində illərlə qala bilir. Enli lentşəkilli qurd bağırsağı qıcıqlandırır və xeyli miqdarda B12 vitaminini mənimsədiyi üçün qanazlığına (anemiyaya) səbəb olur. İştahası yaxşı olmasına baxmayaraq uşaq kəskin şəkildə arıqlayır.

QURD XƏSTƏLİKLƏRİNİN ƏLAMƏTLƏRİ

Uşaqlar nadir hallarda yoluxma əlamətləri göstərirlər. İnfeksiya da minimal ola bilər və buna görə də diqqətdən kənarda qala bilər. Bu simptomlardan hər hansı birini görsəniz, uşağınızı müayinə etdirməyinizi tövsiyə edirik:

  • Anus ətrafında qaşınma
  • Qarın ağrısı
  • Yorğunluq
  • İshal
  • Çəki itirmə
  • Qusma
  • İştahsızlıq
  • Yuxu problemləri
  • Diş qıcırdatma
  • Mədə bulantısı
  • Bağırsaq problemləri
  • Qaz və şişkinlik
  • Anemiya
  • Qəbizlik

QURD XƏSTƏLİKLƏRİNİN DİAQNOSTİKASI

Uşaqlarda qurd xəstəliyinə şübhə varsa, dəqiqləşdirmək üçün bəzi analizlər olunmalıdır. Bəzən valideyn qurdu gördüyünü ifadə edirsə, uşaqda klinik narahatlıqlar da varsa analiz edilmədən də müalicə başlana bilər. Şübhə varsa, nəcisin ümumi analizi 3 gün aralıqla ən az 3 dəfə yoxlanmalıdır. Bundan başqa nəcisdə bəzi parazitlərə görə spesifik antigen testi, qıl qurduna şübhə olduqda isə perianal nahiyədən səhər tezdən, uşaq yuxudan durmadan sıyrıntı götürüb mikroskopla yoxlanmalıdır. Qurdun  diaqnostikasında qanla parazitlərin təyini testləri isə müasir tibbdə istifadə edilməyən yararsız testlərdir. Bəzi aparatlarla qurdun “təyin edilib”, “ müalicə edilməsi” isə cəfəngiyyatdır.

QURD XƏSTƏLİKLƏRİNİN MÜALİCƏSİ

Diaqnoz qoyulduqdan sonra qurdun müalicəsi ailəliklə aparılmalıdır. Müalicə müddəti  parazitin növündən asılı olaraq 1-7 gün müddətində dəyişir. Müalicə kursunu qurdun növünə görə 2 həftə sonra təkrarlamaq lazımdır. Qurdun müalicəsini mürəkkəbləşdirmək, uzun müddət bitki tərkibli siroplarla, bağırsaq yuma prosedurları ilə, aparatlarla müalicə etməyə çalışmaq yersizdir, effektsizdir. Qurdun müalicəsində çox vaxt 1 dərman preparatı kifayət edir. Əsas olan düzgün diaqnoz qoymaqdır ki, bu müalicənin 90 faizini təşkil edir.

Uşaqlarda qurd xəstəlikləri, Qurdun müalicəsi

QURDLARIN KÖRPƏNİN BÖYÜMƏSİNƏ TƏSİRİ

Qurdlar ev sahibinin bədənində yaşayan və qidalanan parazitlərdir. Uşaqların sağlamlığını aşağıdakı yollarla pozurlar:

  • Qurdlar dəmir və zülal itkisinə səbəb olur və uşaqlarda tez-tez qan azlığına səbəb olur.
  • Yumru qurdlar qida maddələrinin malabsorbsiyası ilə nəticələnir.
  • Qurdlar iştahsızlığa, qida qəbulunun azalmasına və zəifliyə səbəb olur.
  • Onlar həmçinin uşaqlarda ishal və dizenteriyadan məsuldurlar.
  • Onlar fiziki və əqli inkişafa təsir edir, nəticədə uşağın çəkisi az olur və ya yaşına görə geri qalır

QURD XƏSTƏLİKLƏRİNİN PROFİLAKTİKASI

Uşaqlarda qurdların yaranmasının qarşısını almaq üçün gigiyena qaydalarına riayət etmək çox vacibdir. Uşaqlar iməkləməyə, yeriməyə başladıqdan sonra qurd infeksiyalarına qarşı həssas olurlar. Beləliklə, aşağıdakı tədbirləri həyata keçirmək vacibdir:

  • Uşağınızın bezlərini mütəmadi olaraq dəyişdirin. Hər dəfə bezini dəyişdirəndə əllərinizi yuyun.
  • Uşağınızın torpaq üzərində ayaqyalın gəzməsinə icazə verməyin.
  • Uşağınızın gölməçələrdə oynamasına icazə verməyin.
  • Uşağınızın dırnaqlarını tez-tez kəsin.
  • Uşağınıza yalnız qaynadılmış su verin.
  • Qurd infeksiyasının qarşısını almaq üçün qidaları yaxşı bişirilməlidir.
  • Meyvə və tərəvəzləri bişirməzdən əvvəl təmiz su ilə yuyun.
  • Alt paltarını və yataq pastel dəstini qaynar su ilə yuyun.
  • Uşağınızın yemək stulunu təmiz saxlayın.

QURD XƏSTƏLİKLƏRİNİN DİAQNOSTİKASI VƏ MÜALİCƏSİNDƏ DOĞRU BİLİNƏN YALNIŞLAR

  • Uşaqda görülən hər narahatlığı qurdla əlaqələndirib gərəksiz və uzun müddət təkrar-təkrar aparılan müalicələr yalnışdırtəhlükəlidir!!
  • Müalicə məqsədi ilə uzun müddət bitki tərkibli siropların, ot çaylarının istifadəsi, bağırsaq yumaq prosedurları, imalələr yalnışdırtəhlükəlidir!!
  • Qurd dərmanı ilə bərabər istifadə edilən qaraciyər üçün dərmanlar, ödqovucular, qarnı açan siroplar lazımsızdır!!
  • Lyamblianın öddə yaşaması mifdir, bu məqsədlə ödə görə aparılan müalicələr lazımsızdır!!
  • Askarida və Lyamblianın qan analizində aşkar olunması və bu cavaba əsasən aparılan müalicələr böyük yalandır!!!
  • “Lyamblia çətin sağalan qurddur, müalicəsi aylarla aparılmalıdır” düşüncəsi cəfəngiyyatdır! Bu parazitin dünya protokollarına əsasən 7 gün ərzində tam müalicəsi mümkündür!
  • Qurd xəstəliklərinin diaqnostikasında istifadə edilən bəzi aparatlar  cəfəngiyyatdır!! Diaqnoz yalnız və yalnız nəcisdə parazitin aşkar edilməsi ilə mümkündür.
  • Nəcis ümumi analizində parazitin aşkar olunması uşaqda qurd xəstəliyi var demək deyil və xəstəliyin klinik əlamətləri yoxdursa bu zaman müalicəyə ehtiyac yoxdur!!
Qurd Xəstəlikləri haqqında doğru bilinən yanlışlar

Fikir bildir